Günah insanı nifaqa çəkir!

Ayətullah Xameneinin buyuruqlarından:
İnsanlar fəsad və yayınma təhlükəsi qarşısındadırlar. Bəzən kiçik səhvlər insanın böyük və daha böyük səhvlərə, bəzən dərin uçurumlara yuvarlanması ilə nəticələnir. Çox ehtiyatlı olmaq lazımdır. Quran xəbərdarlıq etmişdir. Quranın müxtəlif yerlərində bu xəbərdarlıq mövcuddur. Bir yerdə buyurur: "Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu". Bəzi işlərin nəticəsi elədir ki, insan ilahi ayələri təkzib etməkdən ibarət olan ən pis yerə çatır. Bir yerdə buyurur: "Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə qədər davam edəcək nifaq saldı... “


Allaha verdikləri sözə əməl etmədilər və bu, qəlblərində nifaqın yaranmasına bais oldu. Yəni insan bir günah edir bu günah onu nifaqa çəkir. Nifaq daxili küfrdür. Quranda kafir və münafiqlər bir-birinin yanındadırlar. Başqa bir ayədə buyurur: “İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa məcbur etdi". Bir qrupun düşmən qarşısında məğlub olub tab gətirmədiklərini və dayana bilmədiklərini görürsünüzsə, bu, onların qabaqca gördüyü işlərə görədir; öz daxillərini günah və xəta ilə qaraltmışlar.

Səhvlər insanı fəsada çəkir, bu fəsad əməldə və bəzən etiqadda yayınma ilə nəticələnir. Bu da tədricən baş verir, birdən-birə olmur ki, biz bir nəfərin gecə mömin yatdığını və səhər yuxudan münafiq kimi oyandığını düşünək. Xeyr, tədricən və yavaş-yavaş baş verir. Bunun çarəsi də özündən ehtiyatlı olmaqdır və bu, təqva adlanır. Deməli, əlacı təqvadır; özümüzdən muğayat olmaq. Yaxınlar muğayat olsunlar, xanımlar öz ərlərindən, ərlər öz həyat yoldaşlarından, yaxın dostlar bir-birindən: "Haqqa və dözümə tövsiyə edərlər". Bir-birimizdən muğayat olaq. Xalq məmurlara öyüd-nəsihət versin, onlara yazsınlar, desinlər, xəbər göndərsinlər ki, səhvə düşməsinlər. Məsul şəxslərin səhvlərinin quruluşa, ölkəyə və xalqa təhlükələri də çox olur. İnsan hərdən bəzi söz və hərəkətlərdə bunu hiss edir, belə bir yayınmanın əlamətləri müşahidə olunur. Allaha sığınmaq və Allahdan kömək istəmək lazımdır...

 

baxılma sayı: 309