Camaat namazında Fatihə və surəni camaat da oxumalıdır?

Sual: Camaat namazında Fatihə və surəni camaat da oxumalıdır?

Cavab: Camaat namazında Fatihə və surədən başqa namazın bütün sözlərini camaat da söyləməlidir – istər imamın səsini eşitsinlər, istərsə də eşitməsinlər. Belə ki, namazın niyyəti, başlanğıc təkbiri, rüku və səcdələrin zikrləri, təşəhhüd və salamlar, eləcə də, üçüncü və dördüncü rükətlərin təsbihatı gərək cərgələrdə duran hər kəs tərəfindən deyilsin. Amma birinci və ikinci rükətlərdə oxunan Fatihə və surənin hökmü fərqlidir. Belə ki, zöhr və əsr namazlarında imamın Fatihə və surə oxuması kifayət edər, camaat özü bunları deməməlidir; bunun əvəzinə zikr demək daha yaxşıdır. Sübh, məğrib və işa namazlarında Fatihə və surə nisbətən uca səslə deyildiyi üçün, əgər imamın səsi cərgələrdə eşidilərsə, camaatın bunları söyləməsi lazım deyil. Əgər imamın səsi eşidilməsə, camaatın asta səslə bunları söyləməsi müstəhəbdir, namazın nizamını pozmamaq üçün səsi ucaltmamaq yaxşıdır.

baxılma sayı: 170