Namaza etinasızlığın nəticəsi: Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq!!

 Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza etinasızlıq isə mənəviyyata məhəbbətin zəif olması dəlilidir. Həzrət Əli (ə) buyurur: “Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.” (“Bihar”, 84-cü cild, səh.242.) “Namaza yüngül yanaşanlar uşaq salmış qadın kimidir. Onları nə hamilə, nə də ana adlandırmaq olur.” (“Bihar”, 84-cü cild, səh.284.) “Namaza yüngül yanaşanlar, onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.” (“Vəsail”, 3-cü cild, səh.19.) 


İslam Peyğəmbəri (s) buyurdu: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxslərə...” (“Vəsail”, 3-cü cild, səh.19.) Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyiri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.” (“Səfinətul-Bihar”, 2-ci cild, səh.43.) “Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.” (“Vəsail”, 3-cü cild, səh.15.)


Həzrət Peyğəmbər (s) nəql edir ki, insan namaz zamanı Allahdan qeyrisini düşündükdə Allah ona buyurur: “Kimi düşünürsən? Məndən savay tanrı tanıyırsanmı? Məndən savay səni qoruyan varmı? Yoxsa qəlbini məndən başqa bir bağışlayana bağlamısan? Bağışlayanların bağışlayanı mənəm... Əgər məni düşünsən, mən və mələklərim səni düşünərik...” (“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.173.)/nur.az

baxılma sayı: 228