Nə üçün şiələr camaat namazında qabaq cərgədə yer olduğu halda arxada və ya tək dayanıb namaz qılırlar?

Cavab: Şiə fiqhinə görə, sıralarda yer olduqda tənha dayanmaq məkruhdur (bəyənilmir) və namazın savabını azaldır. Eləcə də, müstəhəbdir ki, sıralar nizamlı olsun, çiyin-çiyinə dayananlar arasında məsafə qalmasın. Sünnilər isə bu işləri vacib sayır, bəzən isə tənha duranların namazını batil hesab edirlər.


Bunu da qeyd etməliyik ki, hənbəli məzhəbinə görə, kişilərə gündəlik namazı məsciddə camaatla qılmaq vacibdir, hətta üzrsüz olaraq camaat namazında iştirak etməyənlər cəzaya layiqdirlər.("Töhfətul-ixvan”, Ben Baz, s. 96 və "Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1 səh-405.) (Məlum olduğu kimi, vəhhabilər adətən özlərini hənbəli hesab edirlər). Eləcə də, camaatdan arxada tənha dayanan kəsə qarşı şübhə yaranır ki, bu şəxs camaat namazında iştirak etmir.
Bir daha qeyd edək ki, möminlər namaz qaydalarına əməl etməli, namazın savabını azaldacaq işlərə yol verməməli, məzhəbə qarşı mənfi fikir yaratmamalı, qabaq sırada yer olarkən ayrıca sıra təşkil etməməli, tənha dayanmamalıdırlar.

Yaddaş

Məlum oldu ki, sünnə əhli camaat namazında iştirakı vacib sayır, onun qaydalarına xüsusi diqqət yetirir, camaat namazının saymazlıq üzündən tərk edilməsini böyük günah hesab edir. Şiələr də çalışmalıdırlar ki, Məscidül-haram və Məscidün-nəbidə qat-qat artıq savaba malik namazlara hazır olub, azan vaxtı hamı məscidə tələsdiyi zaman dükan-bazarda gəzməsinlər. Bu namazlarda iştirak etmək istəməyənlər göz qabağında qalmasalar daha yaxşıdır./ixlas.

baxılma sayı: 182