Namazı yad etdin, Allah səni namaz qılanlardan qərar versin!

İslami mənbələrdə qeyd olunanlara əsasən dini ayinlər insanlara onları paklamaq üçün göndərilib. Biz bir tərəfdən görürük ki, insan həyatı boyu əyriliklərə, günahlara tərəf yönəlir. Digər tərəfdən Allah-Təala insanın düz yoldan azmaması üçün ona bir sıra ibadətlər öyrədib. Əslində ibadətin fəlsəfəsinin insanları pis işlərdən çəkindirmək olmasından daha məntiqli bir şey ola bilməzdi. Hər bir halda insan düşünəndə bu qənaətə gəlir ki, məni yaradan Allah mənim günahlara meyillənəcəyimi də bilir. Amma O, mənim günah əhli olmağımı istəmir. Deməli, bundan ötrü mənə nə isə öyrətməlidir. Bu "nə isə"ni insan əslində bilir. Bilir ki, həmin "nə isə" hansı forma və məzmunda olmağından asılı olmayaraq məni günahlardan çəkindirən bir şeydir. Çünki insan ağlıyla nəyin çirkin, nəyin yaxşı olduğunu ayırd edə bilir. Və bu qəbildən o anlayır ki, Allahın o dünyada əzabı, cəhənnəmi varsa, bu cəhənnəmə pis adamlar gedəcəksə və Allah da insanın pis olub cəhənnəm odunda yanmasını istəmirsə, deməli ona müəyyən ibadətləri öyrətməlidir ki, o, bu ibadətlər vasitəsiylə günahdan və cəhənnəm odundan özünü qoruya bilsin. Çünki adi həyatımızda məktəbdə dərsi izah etməyən müəllim bizdən sabah həmin dərsi tələb etsə bizim xoşumuza gəlməz. Allah da peyğəmbər (ə) göndərməmiş əzab etmir.


İnsan onun üçün hazırlanmış cəhənnəm odunu bu dünyada saleh əməllər vasitəsiylə söndürə bilər. Həmçinin, o dünyada ona hazırlanmış cənnəti günahlarda alovlandıra bilər. Bu məsələ insanın etdiyi ibadətlərin nə dərəcədə Allah dərgahında qəbul olub-olmamasından asılıdır. Bu cür deyil ki, etdiyimiz hər ibadət qəbuldur və arxayın olaq ki, cəhənnəm odunun üstünə hər gün su töküb söndürürük. 

İbadətin məqbul hesab edilməsi asan olmasa da, bunun müəyyən bir meyarı mövcuddur. Rəvayətlərdə qeyd edilib ki, bir dəstə insan İslam Peyğəmbərindən (s) soruşub ki, biz necə bilək ki, qıldığımız namazları Allah qəbul edir? Həzrət (s) buyurub baxın görün bu namazlar sizi günahlardan çəkindirirmi? Bəli, əgər çəkindirirsə, deməli qəbuldur. Yox əgər çəkindirmirsə qəbul edilməsinə gümanımız yoxdur. Əlbəttə, təkcə namaz belə deyil. Bütün ibadətlər bu cür. Funksiyası günahdan paklamaq olan, fəlsəfəsində pis işlərdən çəkindirmək olan hər bir əməl insanı günahdan uzaqlaşdırırsa deməli Allah qəbul edir. Fərz edin ki, bir televizorun işləyib işləməməsinin meyarı onun işıqlanmasıdırsa, onun işləməsini, sağlam məhsul olduğunu necə anlaya bilərik? İşıqlanmasından anlaya bilərik. Çünki başqa yol yoxdur. 

Əslində ibarədə bir qədər dəyişiklik etmək lazımdır. Qarşıya belə bir sual çıxır; Nə üçün namaz qılan, ibadət edən insanlar hansısa bir günaha mürtəkib olanda, yaxud hətta ürfdə pis hesab edilən bir iş ondan baş verdikdə camaatın gözündən düşür, az qalırlar onu saxtakar dindar adlandırsınlar. Halbuki diqqət etsək görərik ki, onun bu vəziyyəti heç də, başqa keyfiyyətlərinə ziyan vurmur. Məsələn varlı bir dindar namaz əhli olduğu halda hansısa səhv bir işə, xətaya yol verdikdə onun var-dövlətinə ziyan gəlmir, yaxud mühəndisliyinə, ailəsinə, fəlsəfi düşüncələrinə zərər toxundurmur. Ancaq və ancaq dindarlığı tənqid obyektinə çevrilir. Çünki hamı öz ağlıyla düşünə bilir ki, bir insan ibadət edirsə günah əməllərə yol verməməlidir. Bunun dini istilahda elmi adının nə olduğunu bilməsə də, heç bu barədə İslam

Peyğəmbərindən (s) yuxarıda meyar olaraq qeyd etdiyi cavabını eşitməsə də ilk ağlına gələn bu olur. 

Yuxarıda da qeyd etdiyimiz kimi bəzi ibarələrdə bir qədər dəyişiklik etmək lazımdır. Məsələn, insanların "filankəs namaz qılandı amma sələmlə pul verir", "filankəs camaata dindən danışır, amma camaatın haqqını yeyir", "filankəs hər il həccə gedir, amma yalançının biridir" demələrində nöqsan var. Niyə? Çünki namaz qılan sələmlə məşğul olmaz. Həccə gedən yalan danışmaz. Namaz qılıb eyni zamanda sələmlə pul verənin namazı namaz, yalan danışanın həcci həcc deyil! Namaz və həcc adı ancaq və ancaq quru əyilib durmalara, Kəbənin ətrafına dönmələrə, heyvan kəsmələrə aid edilməməlidir. Odur ki, bir insanın eyni zamanda həm namaz qılıb, həm günah etməsi bir yerə sığışmır. Biri varsa digəri aradan getməlidir. İkisindən biri digərinə qələbə çalmalıdır. 

 

Səfər ayının günləridir, yeri var ki, iddiamızı qüvvətləndirmək üçün bu ayın qəhrəmanı olan İmam Hüseyndən (ə) təbərrük edək. Kərbəla döyüşünün qızğın yerində İmam Hüseynə (ə) səhabələrinin biri yaxınlaşıb namaz vaxtının olduğunu bildirir. İmam Hüseyn (ə) ona "namazı yad etdin, Allah səni namaz qılanlardan qərar versin!" deyir. Duaya fikir verin. Ora İmam Hüseynə (ə) köməyə gələnlər onsuz da namaz əhli idilər. Amma İmam Hüseyn (ə) dua edərkən buyurur ki, Allah səni namaz qılanlardan qərar versin. İndi təsəvvür edin həqiqət və bəsirət əhlindən olan Kərbəla əshabından birinin namazının həqiqi namaz kimi Allah dərgahında qəbul edilməsi üçün İmam Hüseyn (ə) dua edirsə görün indi bizim namazlarımızın hansı həddədir. Burada çox qəribə bir hikmət var. Sanki bütün Kərbəla bircə bu namaza görə baş verib ki, İmam Hüseyn (ə) möminləri bu həqiqətdən agah eləsin. Əbəs yerə deyil ki, ziyarətnamələrdə də İmam Hüseynin (ə) namazı, orucu dirçəltməsinə, əmr be məruf, nəhy əz munkər etməsinə şəhadət veririk.

Həzrətin (ə) bu sözündən belə bir nəticə çıxartmaq olar ki, hər namaz heç də namaz hesab edilməməlidir. Namazın namaz hesab edilməsi üçün bir meyar var. O da, namazın insanları günah və çirkin əməllərdən çəkindirməsi. Üstəlik biz qarşı cəbhədə də çox sayda "müsəlman" görürük. Zahirdə müsəlman və namaz əhli idilər. Amma onların namaz hesab etdikləri onları pis əməldən – İmam Hüseyni (ə) öldürməkdən çəkindirdimi, xeyir! Deməli, onların "namazı" namaz deyilmiş./nur.az

baxılma sayı: 204