Bütün hallarda Allah zikri...

İnsan maddi və heyvani istəklərə sahib olduğundan bəzən bu istəklərə uyğun əməl edir. Əvvəlcə insan bu halda Allahı zikr etməyin yaxşı iş olmadığını düşünür. Lakin Allah buyurur: “Bu halda da Allahı unutmayın”. Bəli, bizə göstəriş verilib ki, günah işlər görən zaman üzüqibləyə olmayaq.


İnsanın bütün halları üçün məsumlardan nəql olunmuş dualar (ən çox bu duaları onlar özləri oxuyurdu) bəndənin heç bir zaman Allahı unutmamalı olduğunu göstərir.

Peyğəmbər (s) barəsində nəql olunur:  “Allahı zikr etməmiş oturmaz və qalxmazdı.” (Təbərsi, “Məkarimul-əxlaq” səh.14.) Hətta həzrətin qalxdığı və ya oturduğu zaman oxuduğu zikrlər nəql olunmuşdur. Hər vaxt yeni paltar geysəydi xüsusi zikr edərdi. Yatdığı zaman xüsusi zikr, bəzən isə “ayətəl-kürsi” oxuyurdu. Yuxudan qalxan zaman isə əvvəlcə səcdəyə gedib, Allaha sitayiş edirdi. İmam Baqir (ə) buyurur: “Allahın rəsulu yuxudan oyanan kimi səcdə edərdi.” (Təbərsi, “Məkarimul-əxlaq”, səh.39.)


Həzrət yuxudan ayıldıqdan sonra ayrıca bir zikr deyirdi. Hidayət imamlarından nəql olunmuş başqa xəbərlərdə də möminin həmişə Allahı zikr etməli olduğu göstərilir. Bütün hallarda, hər bir iş Allahın zikri ilə başlamalıdır.
Allah Musa ibn İmrana buyurdu: “Ey Musa, heç bir halda Məni unutma və Məni yad etməkdən qafil olma.” Musa ərz etdi: “İlahi, bəzi hallarda Səni düşünməyə utanıram.” Xitab olundu: 
“Hətta o halda da Məni düşünmək yaxşıdır.” (Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 13-cü cild, səh.343, 21-ci rəvayət.)

Quran nəzərincə də heç bir şey möminin Allahı düşünməsinə mane ola bilməz. Sadiq möminlərin sifətləri barəsində buyurur:

“(Möminlər o kəslərdir ki,) Nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37.)

Zahirdə iş-güclə məşğul olub, xalqla ünsiyyətdə olmalarına baxmayaraq, onların diqqəti həmişə Allahdadır. Heç bir şey onların Allahdan qafil olmalarına səbəb olmur. Allah merac gecəsi peyğəmbərinə möminləri vəsf edərək belə buyurdu: «Möminlər dünyadan gedən zaman onlardan soruşular ki, dünyanı necə tərk etdiniz? (Dünyadan nə xəbər var?) Belə cavab verərlər: “İlahi, and olsun izzət və cəlalına, mən dünyadan agah deyiləm. (Çünki) Məni yaratdığı gündən Sənin məqamından qorxmuşam”. Bu zaman Allah buyurur: “Düz dedin, ey Mənim bəndəm. Bədənin dünyada idi, lakin ruhun Mənim yanımda!”» (“Biharul-ənvar”, 77-ci cild, səh.21.)/Doktor Misbah Yəzdi

nur-az

baxılma sayı: 298