İmam Həsən Əskərinin (ə) ehtiyaclılara yardımı haqqında maraqlı əhvalat!

İmam Həsən Əskərinin (ə) dövründə Məhəmməd ibn İbrahim adlı bir cavan var idi. O, ata-anası ilə birlikdə kiçik bir evdə yaşayırdı. Onlar maddi çəktinlik içərisində idilər. Hər gün ötdükcə vəziyyətləri bir az da ağırlaşırdı. Bir gün Məhəmməd atasına deyir:  - Atacan! Buna bir çarə tapmaq lazımdır, belə olmaz. 

Ahıl kişi olan atası deyir:  - Bizi bədbəxtlikdən qurtara biləcək yalnız bir yol vardır.
- O hansı yoldur? 
- İmam Həsən Əskəri (ə) Samirədə yaşayır. O çox səxavətli insandır. Gəl onun yanına gedək və çətinliyimizi ona danışaq. O mütləq bizə kömək edər.

Məhəmməd və atası səfər azuqəsini götürüb Samirəyə tərəf yola düşürlər. Yol arasında 
atası Məhəmmədə deyir: 
- Sənin fikrincə, bizim vəziyyətimizin düzəlməsi üçün nə qədər pula ehtiyacımız var? 

Məhəmməd bir az fikirəşdikdən sonra deyir: - Beş yüz dirhəm bizə bəs edər. Əgər bu pulu mənə versə, iki yüz dirhəminə geyim və yaşayış vasitələri alarıq, iki yüz dirhəmi ilə borclarımızı ödəyərik, qalan yüz dirhəmi ilə də bir müddət dolana bilərik.

Məhəmməd cavan idi. Ürəyində arzu edirdi ki, ey kaş imam mənim özümə ayrıca üç yüz dirhəm verəydi. Əgər üç yüz dirhəmim olsa, onun yüz dirhəminə özüm üçün yaşayış vasitələri alardım. Yüz dirhəminə də bir at alıb Cəbbil şəhərinə gedib orada atımla işləyib pul qazanardım. Qalan yüz dirhəmini də səfər üçün xərcləyərdim.
Məhəmməd belə fikirləşir, sonra isə öz-özünə deyirdi: Ancaq bu qədər pul lap çoxdur. İndiki zəmanədə heç kəs yoxsul bir ailəyə səkkiz yüz dirhəm kömək etməz. Yox! Yox! İmam bu qədər pulu bizə verməyəcək.

Onlar yollarına davam edib Samirəyə çatdılar. Soraqlayıb imamın evini tapdılar və qapını döydülər. Bu vaxt bir nəfər qapını açıb dedi: 
- Əli ibn İbrahim və oğlu Məhəmməd sizsiniz? 

Onlar təəccüblə qapını açan kişiyə baxdılar. O, bizim adımızı haradan bilir?! Qoca kişi heyrət içərisində dedi: 
- Bəli, mən Əli ibn İbrahim, bu da oğlum Məhəmməddir.

Onlar içəri daxil oldular. İmam Həsən Əskərinin (ə) hüzuruna gəlib salam verdilər. İmam gülərüzlüklə onların salamının cavabını verdi və onlara yemək gətirilməsini tapşırdı. Məhəmməd və atası çox acmışdılar. İştaha ilə yeməklərini yedilər və bir az istirahət etdilər.
İmam, Məhəmmədin atasına üzünü tutub buyurdu: “Ey Əli, nə olmuşdur? İndiyə kimi niyə bizim yanımıza gəlmirdin?


Əli dedi: Ey Peyğəmbərin övladı! Belə bir işdən ötəri sizin yanınıza gəlməyə utanırdım. Sonra imam bir kisə pulu Əliyə verib dedi: “Bu kisədə sənin istədiyin qədər beş yüz dirhəm vardır. Onun iki yüz dirhəminə paltar və evə lazım olan şeyləri al. İki yüz dirhəmini borcuna ver və yüz dirhəmini də gələcək xərclərin üçün saxla”. Sonra Məhəmmədə də bir kisə pul verib dedi: “Bu istədiyin üç yüz dirhəmdir. Onun yüz dirhəminə ürəyin istədiyi kimi at al, ancaq Cəbbilə getmə. İşləmək istəsən, Surəyə (ya Savra) get. Orada vəziyyətin daha yaxşı olacaq”. 
Məhəmməd heyrətlə imama baxırdı. O, indi camaatın imamı bu qədər sevmələrini başa düşürdü. İndi dərk edirdi ki, imamın elmi Allah tərəfindəndir və o, Peyğəmbərin (ə) övladı və canişinidir.

Hazırladı: Seyid Zahir/nur.az

baxılma sayı: 186