Namaz Allaha təşəkkür etməkdir!

Biz insanlar həmişə hansısa bir şəxsin bizə etdiyi yaxşılığın müqabilində ona təşəkkür edir və hər bir vasitə ilə onun əvəzini qaytarmağa çalışırırıq. Əks təqdirdə, tərəf müqabilinə hörmətsizlik etdiyimizi düşünürük. Mütəal Allah hər an bizə yaxşılıq edir, hamıya saysız nemətlər təqdim edir, bizi kamala doğru aparır, dünya və axirət səadətimizi təmin edir. Belə olan halda biz Yaradanımızın etdiyi bu yaxşılıqlar qarşısında təzim edib, ona təşəkkür etməməliyikmi? 


Allah Qurani-kərimdə buyurur:  “Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!” (“Nisa”, 147.)
Şükr etmək neməti artırdığı kimi, nankorluğun aqibəti isə əzabla nəticələnir. Allah buyurur:  “(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!” (“İbrahim”, 7.)


Şükür etməyin xeyri Allaha yox, əksinə insanların özünə qayıdır. Bu haqda Allah Qurani-kərimdə Süleyman peyğəmbərin (ə) dilindən belə nəql edir:   “(Süleyman taxtın daha tez gətirilməsini istədi) Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: "Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!" (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyil, kərəm sahibidir!" (Allah dünyada qədirbilənə də, nankora da, möminə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)”. (“Nəml”, 40.)


Həzrət İsa (ə) bir gün kor, cüzam xəstəliyinə tutulmuş və hər iki tərəfi iflic olan bir kişi gördü. Xəstəliklərin çoxluğuna baxmayaraq, kişi deyirdi: “Məni bir çox xəstəliklərdən uzaq edən Allaha şükürlər olsun”. İsa (ə) ondan soruşdu: “Sən bütün xəstəliklərə tutulmusan. Bəs hansı xəstəliyə tutulmamağın qorxusundan Allaha şükür edirsən?” Kor kişi dedi: “Bəzi şəxslər mənim tanıdığım qədər Allahı tanımırlar. Mən bu baxımdan onlardan üstün olduğum üçün şükür edirəm”. İsa (ə) buyurdu: “Doğru deyirsən, əlini mənə ver”. O kişi əlini ona uzatdı. Həzrət İsa (ə) onun əlindən tutub bütün xəstəliklərini sağaltdı və o gündən sonra həzrət İsanın (ə) dostlarından birinə çevrildi. (“Kəşkül”, Şeyx Bəhayi.)


Təşəkkür etməyin müxtəlif üsulları var. Bəzən biz bir yaxşılığa qarşılıqlı cavab verir və bunu edilən təşəkkür kimi qəbul edirik. Allah-taalanın yaxşılıqlarının zərrəsini belə qaytara bilmədiyimiz halda ona edilən təşəkkürlər başqa cür olmalıdır. Məsələn, Allahın verdiyi nemətləri lazımi yerlərdə istifadə edilməsi onların şükrüdür və bu şükür etmə nemətin davamlı olmasına səbəb olur. Rəsuli-əkrəmdən (s) nəql edilən bir hədisdə oxuyuruq: 
“Nemətin şükrü onun davamlı olmasına zəmanətdir”. (“Nəhcul-fəsahə”, “Şükr” bölümü.) 
Allah yanında şükretmə vasitələrindən ən önəmlilərindən biri də bəndənin ona pərəstiş edib namaz qılmasıdır. Qurani-kərimdə oxuyuruq:“ Ey insanlar, Allaha itaət edin, o kəsə ki sizi və sizdən qabaqkıları xəlq etdi. Bəlkə təqvalı olasınız” (“Bəqərə”, 21.)


Göründüyü kimi, Allah bu ayədə insanları xəlq etməsini önə çəkir və bu yolla onlara zəif olduqlarını, bütün varlıqlarının Onun tərəfindən olduğunu xatırlayır, ibadət və itaətə layiq olduğunu onlara anladır. 


Həzrət Peyğəmbər (s) ibadət zamanı çox ayaq üstə qalmaqdan ayaqları şişər, uzun-uzadı gecə namazı qılmaqdan çöhrəsi saralar və ibadət halında çox ağladığı üçün özündən gedərdi. Bir nəfər o həzrətə dedi: “Məgər Allah Qurani-kərimdə sizin haqqınızda “لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِكَ وَمَا تَأَخَّرَ” “Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq,” (“Fəth”, 2.) deyə buyurmadımı? Niyə özünüzə bu qədər əziyyət verirsiz?” Rəsuli-əkrəm cavabında buyurdu:  “Allahı şükür edən bir bəndə olmayımı?” (“Biharül-ənvar dastanları”, c. 4, səh. 20.)

 

Bəzən bir çox insanlar özünü məramlı, əqidəli və həmişə haqq tərəfdarı kimi göstərir və “çörək kəsdikləri şəxsin” ehtiramını heç zaman tapdalamadıqlarını deyirlər. Lakin, əməllərinə baxdıqda bütün dediklərinin əksinin şahidi oluruq. Belə ki, onların din hökmlərinə əməl etməmələrini, Allahın qadağan etdiyi şeylərin ardınca olduqlarını müşahidə edirik. Əcəba, bu etinasızlıqlar, süfrəsində düz-çörək kəsib, ətə-qana, boya-başa çatmağımız Allaha qarşı ehtiramsızlıq, üsyan deyilmi? Əgər İslam peyğəmbəri (s) Allahın nemətlərinin şükrünü etmək üçün ayağı şişənə qədər ibadət edirsə, bəs bizim vəzifəmiz nədir?

baxılma sayı: 233